Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin demək olar ki, yarısı ölkədə həyata keçirilən layihələrə əlavə investisiyaların yatırılması imkanlarını nəzərdən keçirir.
Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatası və “KPMG Azerbaijan” şirkəti tərəfindən hazırlanmış 2020-ci ildə Azərbaycanda biznes mühitinə dair hesabatda öz əksini tapıb.
Azərbaycan ərazisində fəaliyyət göstərən 170 xarici şirkətin cavablarının nəzərə alındığı hesabata əsasən, respondentlərin 49%-i 2020-2021-ci illərdə genişlənməyi və ölkəyə sərmayə yatırmağı planlaşdırdıqlarını qeyd edirlər.
"Pandemiya ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, sorğunun nəticələri göstərir ki, xarici şirkətlər investisiyaları azaltmağı planlaşdırmır. Gələcək planlar haqqında sualı cavablandıran respondentlərin demək olar ki, yarısı (49%) 2020-2021-ci illərdə genişlənməyi və yeni investisiyalar yatırmağı planlaşdırır", - deyə "İnterfaks-Azərbaycan" agentliyinin malik olduğu hesabatda bildirilir.
Azərbaycanda 2020-2021-ci illər üçün biznes məqsədlərinə gəldikdə isə, hesabata əsasən, İKT şirkətləri qısamüddətli investisiyaları ilə bağlı böyük nikbinlik ifadə ediblər, bununla yanaşı, 13 şirkətdən 9-u genişlənməyi planlaşdırır.
"Onların ardınca neft-qaz (17 şirkətdən 10-u) və nəqliyyat sektorlarında (17 şirkətdən 9-u) təmsil olunan şirkətlər gəlir. Pandemiya ölkədə təchizat zəncirindəki pozuntuların və rəqəmsal boşluğun aradan qaldırılması və rəqəmsal ekosistemə keçidin sürətləndirilməsinin vacibliyini ortaya qoydu. Bu imkanlardan faydalanmaq üçün hazırda xarici İT və nəqliyyat şirkətlərinin Azərbaycanda öz bizneslərini və investisiyalarını genişləndirməsi üçün ideal vaxtdır. Eyni zamanda, özəl sektorun tez bir zamanda bərpasına kömək etmək üçün hökumətə islahatları sürətlə dəyişən biznes mənzərəsinə uyğunlaşdırmaq və gələcək investisiyalar üçün cəlbedici məkana çevrilmək tövsiyə olunur", - deyə hesabatda qeyd olunur.*
Ə.Məmmədov