Noyabrın 10-dan sonra Qarabağda döyüş əməliyyatları zonasından 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bəyan edib.
“Azərbaycan Respublikasının prezidenti, Rusiya Federasiyasının prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır. Tərəflər, ilk növbədə, döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir”, - Səmədov bildirib.
Onun sözlərinə görə, sentyabrın 27-dən keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib.
Səmədov əlavə edib ki, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir. **
A.Əzizov