2020-ci ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 32 milyon 769.3 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 10 milyon 631,3 min ton yük və ya bütün yükdaşımaların 32,4%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 2,8% - İF), 17 milyon 968,2 min tonu və ya 54,9%-i avtomobil nəqliyyatı (azalma 36,1%), 4 milyon 169,8 min tonu və ya 12,7%-i dəniz nəqliyyatının (azalma 2,9%) payına düşüb.
Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 6 milyon 821,8 min ton və ya 20,8% (artım 3,1% - İF) tranzit yüklərin payına düşüb.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə daşımaların azalması COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə izah olunur.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova