Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etməsi bu ölkənin Minsk qrupunda mövqeyinə xələl gətirən siyasi səhvdir. Bunu Fransa parlamentinin “Pespublikaçılar” partiyasından olan deputat, bu qətmanənin əleyhinə səs verən Jan-Lyuk Reytser deyib.
“Qətnamənin qəbulunun yalnız simvolik əhəmiyyət kəsb etməsinə baxmayaraq, bunu siyasi səhv hesab edirəm. 1992-ci ildə Fransa ATƏT-in Minsk qrupuna qoşularkən Azərbaycan və Ermənistan arasında münaqişədə vasitəçilik ilə bağlı üzərinə öhdəlik götürüb. Bu vəzifənin səmərəli icrası üçün tam neytrallığın qorunması və münaqişənin hər iki tərəfinin etimadı tələb olunur. Bu qətnaməni qəbul edərkən və münaqişə tərəflərindən birini birmənalı olaraq dəstəkləməklə, bu halda Ermənistanı, Fransa qrupdakı mövqeyinə xələl gətirdi və ATƏT-in Minsk qrupuna qoşularkən üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı imkanlarını məhdudlaşdırdı”, - fransalı parlamentarinin “Region Plus” jurnalının redaksiyasına daxil olan bəyanatında deyilir.
Eyni zamanda, Reytser hesab edir ki, birtərəfli qətmanənin qəbul edilməsi Fransada anti-Türkiyə meylli olan seçicilərin təzyiqi altında baş tutub.
“Bu qərar Azərbaycanın yanlış obrazı əsasında qəbul edilib. Məhz buna görə bu qətnamə həmçinin Qarabağda yaşayan ermənilərin mədəni irsinin müdafiəsinə çağırır, baxmayaraq ki, Azərbaycanda din və xristian irsi ilə əlaqədar işlər çox yaxşıdır. Mən dəfələrlə bu məsələni izah etmişəm, o cümlədən üzvü olduğum Xarici məsələlər üzrə Komissiyada. Həmkarlarıma danışmışam ki, Bakının mərkəzində erməni kilsəsi yerləşir və Azərbaycan hökumətinin təşəbbüsü ilə təmir olunub. Orada sənədlər, kitablar lazımi şəraitdə qorunur və mühafizə olunur”, - Fransa parlamentinin deputatı qeyd edib.
Reytser xatırladıb ki, həmçinin Fransa Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının üzvüdür.
O qeyd edib ki, Azərbaycan dini dözümlülük ideyasını dövlətçiliyinin sütunlarından birinə çevrən ən dünyəvi ölkələrdən biridir.
“Azərbaycana xas olan multikulturalizm və dini tolerantlıq hətta 2016-cı ilin oktyabr ayında bu ölkəyə səfər edən Roma PapasıFransisk tərəfindən qiymətləndirilib. Öz səfəri zaman o, Azərbaycanın dini müxtəlifliyə sadiqliyini təsdiq edib”, - deyə Reytser əlavə edib ki, Fransanın digər parlamentariləri Azərbaycana səfər edərək bu ölkəni yaxından tanımaq imkanı əldə etsəydilər, yuxarıda qeyd olunan qətanamənin lehinə səs verməzdilər.
Fransalı deputat vurğulayır ki, istənilən halda, Milli Assambleyanın qətnaməsinin praktiki nəticələri olmayacaq, çünki Fransa hökumətini hansısa konkret hərəkətlərə məcbur etmir.
Jan-Lyuk Reytser - Fransa parlamentinin “Pespublikaçılar” partiyasının yeganə üzvüdür ki, "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamənin əleyhinə səs verib. **
A.Əzizov