Azərbaycan prezidenti İlham Əliyev müsəlman ölkələrini islamofobiyanı təşviq edən Ermənistanla hər hansı təmaslardan çəkinməyə çağırıb.
“Bizim bütün şəhər və kəndlərimiz viran edilib (Qarabağda azad olunan ərazilərdə - İF), tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər”, - Əliyev cümə axşamı Bakıda Əfqanıstan İslam Respublikasının yeni səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən bildirib.
Əliyev qeyd edib ki, Azərbaycan tərəfi bütün bu dağıntıları qeydə alıb. “Həmin şəkilləri və videomaterialları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq. Bildiyiniz kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri edir. Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin”, - prezident qeyd edib.
Həmçinin, dövlət başçısıl qeyd edib ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, “təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır”.
Həmçinin, Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində Bakının ədalətli mübarizəmizi dəstəklədiyinə görə Əfqanıstan rəhbərliyinə təşəkkürünü bildirib. “Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib”, - Azərbaycan lideri vurğulayıb. **
X.Nəsirzadə