Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cümə axşamı keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxışında sahibkarları Qarabağda azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb.Bu barədə DTA-nın mətbuat xidməti məlumat verir.
Nağıyev Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyasının hazırlandığını bildirib.
Bununla əlaqədar o, sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikitintisinə investisiya yatırmağa səsləyib.
Qarabağda turizmi birlikdə inkişaf etdirməyə çağıran Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə dair inamını ifadə edib.
O, həmçinin qeyd edib ki, Baş Assambleyanın keçirilməsində əsas məqsəd Azərbaycan Hotel Assosiasiyasının il ərzində fəaliyyəti, 2021-ci il üçün planlaşdırılmış tədbirlər haqqında məlumat verməkdir.
“Assambleyada iştirakçılar Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq hotellərin ulduzlaşması, müraciət qaydaları və tətbiq prosedurları haqqında da məlumatlandırılıblar. Həmçinin pandemiya və postpandemiya dövründə turizmin bərpası üzrə çətinliklərlə bağlı sənaye nümayəndələri ilə müzakirələrin aparılıb”, - DTA məlumat verir.
Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib. O, sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlandığı barəsində məlumat verib. **
X.Nəsirzadə