Rusiya, əgər münaqişənin bütün tərəfləri bunun zəruri olduğunu hesab etsələr, Dağlıq Qarabağda sülhməramlıların sayını artıra bilər. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
“Sülhməramlılarımızın sayının artırılmasına gəlincə, bu mümkündür, ancaq bütün tərəflərlə, həmçinin Azərbaycan tərəfi ilə razılıq əsasında”, - Putin cümə axşamı özünün illik mətbuat konfransında bildirib.
“Bu sırf texniki xarakterli məsələdir. Əgər hamı bunun zəruri olması ilə bağlı nəticəyə gələrsə, biz bunu edərik. Əgər yox, demək biz bunu etməyəcəyik”, - RF preziednti qeyd edir.
O qeyd edib ki, Dağlıq Qarabağda nəinki sülhməramlılar, həm də Rusiya FHN və RF FTX sərhədyanı xidmətinin əməkdaşları var.
Həmçinin, Putin bəyan edib ki, Dağlıq Qarabağ ərazisi beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın bir hissəsidir. “Mən bu barədə də demişəm, beynəlxalq hüquq nöqteyi-nəzərindən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - Putin vurğulayıb.
O qeyd edib ki, “Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb” və bunu nəzərə alaraq, “beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ həmçinin Azərbaycandır”.
Həmçinin Putin Qarabağda baş verən atəşkəs rejiminin pozulması faktı ilə bağlı fikrini bildirib. “Ümid edirəm ki, tək bir hadisə elə yeganə hadisə olaraq qalacaq”. RF prezidenti əlavə edib ki, Rusiya Dağlıq Qarabağın sakinlərinə humanitar yardım göndərməyi davam etməyə hazırdır, lakin beynəlxalq təşkilatların köməyinə də ümid edir.
“Çox ümid edirik ki, beynəlxalq vasitəçilər də, nəhayət sözdən işə keçərək, köməyə ehtiyacı olan, ilk növbədə, Dağlıq Qarabağa qayıdan qaçqınlara faktiki yardıma başlayacaqlar. Həmin əraziyə humanitar yardım göndərən təkcə Rusiya olmayacaq, həm də, nəhayət beynəlxalq təşkilatlar da qoşulacaq, həm UNİCEF, həm UNESCO, həm BMT-nin ərzaq təşkilatları”, - Putin bildirib. **