Nazirlər Kabineti Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə 9 milyon 68,128 min manat ayırmağı tapşırıb.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən verilən məlumata görə, qeyd olunan vəsait atşə məruz qalan şəhər və rayonların icra hakimiyyətləri arasında bölünüb. O cümlədən, vəsaitin 2 milyon 920,5 min manat ($1,7 milyondan çox) Gəncə Şəhər İcra Hakimiyyətinin, 2 milyon 296,5 min manat ($1,35 milyon) Tərtər Rayon İcra Hakimiyyətinin, 1 milyon 848,5 min manat ($1,09 milyon) Ağdam Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödəniləcək. Qalan vəsait
Mingəçevir Şəhər İcra Hakimiyyəti, Ağcabədi Rayon İcra Hakimiyyəti, Bərdə Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Naftalan Rayon İcra Hakimiyyəti, Füzuli Rayon İcra Hakimiyyəti və Goranboy Rayon İcra Hakimiyyəti arasında bölünəcək. Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edəcək.
Bu vəsait 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılacaq.
Xəbər verildiyi kimi, dekabrın 14-də prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardım ödənilır. **
N.Abbasova