Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüş təşkil etmək istəyib, lakin heç nə alınmayıb.
"Hər iki nazir mənimlə əlaqə saxladığı üçün biz üçtərəfli təmas (Avropa İttifaqı, Ermənistan və Azərbaycan) yaratmağa çalışdıq. Bu, mümkün olmadı, ona görə də mən hər iki nazirlə ayrı-ayrılıqda görüşəcəyəm", - deyə Borrel Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından əvvəl bildirib.
Bu gün Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçiriləcək. İclasda Azərbaycan XİN başçısı Ceyhun Bayramov da iştirak edəcək.
Borrel qeyd edib ki, bu görüşlər bu yaxınlarda Dağlıq Qarabağda və onun ətrafında getmiş genişmiqyaslı hərbi əməliyyatlardan sonra baş tutur.
"Noyabrın 10-da Rusiyanın nail olduğu atəşkəs sazişi şübhəsiz ki, insan tələfatının qarşısını aldı. Ancaq keçən həftə, təəssüflər olsun ki, biz atəşkəsin pozulması haqqında hər iki tərəfdən xəbərlər eşitdik. Atəşkəs rejiminə tam riayət olunması vacibdir", - deyə Aİ diplomatiyasının rəhbəri vurğulayıb.
O, Aİ-nin ATƏT-in Minsk qrupu formatını tam dəstəklədiyini və iki həmsədrin münaqişənin hərtərəfli və dayanıqlı həllinə dair danışıqları davam etdirəcəyini gözlədiyini bəyan edib.*