Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova ölkənin Ukraynadakı işgüzar dairələrinin nümayəndələri ilə görüş keçirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Görüşdə Axundova qeyd edib ki, Azərbaycan son bir neçə il ərzində Ukraynaya təxminən $2 milyard sərmayə qoyub, Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi $25 milyon sərmayə yatırıb. "Ümid edirəm ki, gələn il ölkələrimiz arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artacaq", - deyə Axundova qeyd edib.
Səfir Kiyevi Azərbaycanın işğaldan azad olunmuş rayonlarının inkişafına sərmayə yatırmağa çağırıb və qeyd edib ki, Ukrayna Bakı üçün strateji tərəfdaşdır.
"İtaliyadan bizə nümayəndə heyətləri gəlmişdi, Türkiyədən iri biznesmenlərin nümayəndə heyətləri də olub və artıq işğaldan azad olunmuş bölgələrin abadlaşdırılması işlərinə başlanılıb. Hesab edirəm ki, Ukrayna bu proseslərdə iştirak edə bilər və etməlidir, çünki Ukrayna bizim strateji tərəfdaşımızdır", - deyə E.Axundova vurğulayıb.
Diplomat, həmçinin işğaldan azad olunmuş Ağdam şəhəri ilə qardaşlaşmaq istəyən Poltava vilayətinin Reşetilov rayonuna minnətdarlığını bildirib.
"Qardaşlaşma haqqında gələcək saziş simvolik məna daşıyacaq, çünki insanlar işğaldan azad olunmuş rayonlardan biri ilə qardaşlaşmağı xahiş edirlər. Hesab edirəm ki, bu, Ukrayna səviyyəsində, bəlkə də bütün dünyada ilk təşəbbüsdür", - deyə Axundova qeyd edib.*
X.Nəsirzadə