2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 4,9% - 7 milyon 809,2 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 7 milyon 335 min ton və ya 93,9% beynəlxalq tranzit yüklərin, 6,2% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2019-cu ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 6,95% artıb”, - deyə məlumatda bildirilir.
Dekabrın 1-nə Azərbaycanın limanlarında 218,8 min ton yük qalıb.
2019-cu ildə dəniz limanlarında 8 milyon 247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 7 milyon 547,2 min tonu və ya 91,5%-i beynəlxalq tranzit yüklərin, 8,5%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova