Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin artırılmasını nəzərdə tutan dəyişikliklər layihəsi I oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində (hazırda 200 manat), hüquqi şəxslər 600 manat məbləğində (hazırda 400 manat) cərimə ediləcək.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə vəzifəli şəxslər 600 manat (hazırda 400 manat), hüquqi şəxslər 1,2 min manat (hazırda 800 manat) məbləğində cərimələnəcək.
Fiziki şəxslər üçün cərimənin məbləği dəyişməz – 100 manat olaraq qalıb.
Bundan başqa, parlament epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılmasını da təsdiq edib.
Dəyişikliyə əsasən, vəzifəli şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə (hazırda 3 min manatdan 4 min manatadək) və ya bir ayadək müddətə inzibati qaydada həbs olunacaq, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə (hazırda 4 min manatdan 10 min manatadək) cərimə ediləcək.*
Ə.Məmmədov