Prezident İlham Əliyev Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasında Putinin böyük rolunu qeyd edir.
“Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi”, - deyə İ.Əliyev bu gün MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.
“Münaqişə başlanandan bəri xarici jurnalistlərə çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə deyirdim ki, Ermənistan tərəfi bizim ərazilərdən çıxacağı tarixi deyən kimi, istənilən anda biz dayanmağa hazırıq və bunu açıq deyirdim. Belə də oldu. Bəyanatda üç rayonun bizə qaytarılacağı tarix qrafik üzrə göstərilən kimi hərbi əməliyyatlar dayandırıldı. Buna görə fürsətdən istifadə edib Vladimir Vladimiroviç Putinə bu məsələyə göstərdiyi diqqətə və münaqişənin, o cümlədən siyasi metodlarla həll edilməsində fəal iştirakına görə bir daha təşəkkür etmək istərdim”, - deyə o qeyd edib.
Prezident deyib ki, sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək, deyə bilərik ki, münaqişə hərbi-siyasi metodlarla həll edildi.
“Dünən Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan siyasi qüvvələr üçün vacibdir. Təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır. Belə cəhdləri biz müharibə dövründə də görmüşük, bəyanat imzalanandan sonra da. Təfsilata varmaq istəmirəm. Biz müəyyən xarici dairələrin cəhdlərini görmüşük. Onlar bu məsələdən bir növ kənarda qaldıqlarına görə narazı idilər. Onlar narazıdırlar ki, atəşin dayandırılmasında aparıcı rolu Rusiya oynayıb. Hər vasitə ilə çalışırdılar və təəssüf ki, indiyə qədər çalışırlar ki, Ermənistan cəmiyyətində müəyyən iğtişaşlar törətmək və əslində, bu bəyanatı pozmaq üçün müəyyən qarışıqlıq yaratsınlar”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bu qüvvələr müxtəlif vasitələrdən, Ermənistanda yaradılmış müxtəlif infrastrukturlardan, o cümlədən Soros infrastrukturundan istifadə etməyə çalışırlar. “Bunun, ilk növbədə, Ermənistan tərəfi üçün nə qədər məhvedici ola biləcəyini Vladimir Vladimiroviç də öz müsahibələrinin birində qeyd edib. Ondan soruşublar ki, Ermənistan bəyanatın şərtlərini yerinə yetirməsə nə olacaq, o deyib ki, bu, intihara bərabər olacaq. Bu, həqiqətən belədir”, - deyə dövlət başçısı bildirib.*
B.Rüstəmbəyov