Prezident İlham Əliyev Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini uğurlu hesab edir.
"Mən Rusiya Federasiyasının sülhməramlı missiyası barədə də danışmaq istərdim. Bu da bəyanatın bir hissəsidir. Missiya çox uğurla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq strukturları ilə daim əlaqədədir", - deyə Əliyev bu gün MDB dövlət başçılarının sammitində bildirib.
Azərbaycan Prezidenti sülhməramlıların atəşkəs rejiminə riayət olunması məsələsində fəaliyyətini də yüksək qiymətləndirib və qeyd edib ki, indiyədək cəmi bir insident qeydə alınıb.
"Bəyanatın imzalanmasından ötən ay yarıma yaxın vaxt ərzində atəşkəsin pozulması ilə bağlı bir insident olub və bizdə olan məlumata görə bu, Ermənistanın hakimiyyət orqanlarının nəzarəti altında olmayan qondarma könüllülər, əslində isə Azərbaycan Ordusunun mövqelərinin arxasında gizlənmiş yaraqlılardan ibarət qruplar tərəfindən təşkil edilib. İnsident bircə gün ərzində aradan qaldırılıb, atəşkəs rejimi saxlanılır və düşünürəm ki, bu rejim günbəgün daha da möhkəmlənəcək", - deyə o vurğulayıb.
İ.Əliyev, həmçinin Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması istiqamətində işlərin getdiyini diqqətə çatdırıb.
“Onu da qeyd etmək istərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək”, - deyə dövlət başçısı vurğulayıb.*
X.Nəsirzadə