Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan tərəfinin Ağdam şəhərində məscidi dağıtmamasının səbəbi bu idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər.
“Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər”, - deyə o, bu gün MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, ermənilər Azərbaycan şəhərlərini məqsədyönlü şəkildə məhv ediblər ki, bu da barbarlığın və vandallığın göstəricisidir.
“Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib. Eyni sözlər Cəbrayıl şəhərinə də aiddir. O da artıq yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.
“Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Lakin ermənilərin oradan çıxmalı olduğu 20 günlük və ya 15 günlük müddətdə - noyabrın 10-dan dekabrın 1-dək ermənilər həmin binaları yandırıb və dağıdıblar. Onlar hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə köçmüşdülər. Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov