Azərbaycan koronavirusa qarşı könüllü vaksinləməyə 2021-ci ilin əvvəlində başlayacaq. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bunu Prezident İlham Əliyev deyib.
“Vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq. Vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək”, - deyə o, bu gün MDB dövlət başçılarının sammitində bildirib.
O, Azərbaycanda vaksinləmə strategiyasının hazırlandığını qeyd edib.
"Biz həmçinin vaksinləmə strategiyası hazırlamışıq. Bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq", - deyə o vurğulayıb.
Bununla yanaşı, Əliyev qeyd edib ki, Azərbaycan son aylar ərzində peyvənd məsələsində beynəlxalq əczaçılıq şirkətləri ilə fəal və sıx əməkdaşlıq edir.
"İndi dünyada vaksinləmə prosesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq. Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərdən ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub", - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə