Prezident İlham Əliyev 30 ilə yaxın işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin dağıdılmasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın günahkar olduğunu bir daha qeyd edib.
"Bizim şəhərlərimizi Paşinyanın ordusu məhv etməyib – o, belə göstərişlər verməyib. Bütün bunlar Köçəryan və Sarqsyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi. Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük", - deyə Əliyev bu gün MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş ordu da Köçəryan və Sarqsyanın yaratdığı ordudur.
"Məhv edilmiş ordu Paşinyanın deyil, Köçəryan və Sarqsyanın 20 il ərzində yaratdığı ordudur. Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib. O, ordu yaratmağa macal tapmazdı, bu ordunu Köçəryan və Sarqsyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”", - deyə İ.Əliyev vurğulayıb.*
Ə.Məmmədov