2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Turist axınının kəskin azalması koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi ilə şərtlənib.
2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 23,7 faizi Gürcüstan, 19,5 faizi Türkiyə, 8,9 faizi İran, 2,1 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, hər birindən 0,5 faiz olmaqla Almaniya və İsrail, 5,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər olub.
Hesabat dövründə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,9 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1135,0 min nəfər olub. Ölkə vətəndaşlarının 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə səfər edib.
“2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə