Azərbaycan, Ermənistan və Rusiya arasında saziş ardıcıl surətdə həyata keçirilir, rusiyalı sülhməramlılar Dağlıq Qarabağda vəziyyətin gərginləşməməsi üçün səy göstərirlər. Bunu RF prezidenti Vladimir Putin deyib.
"Rusiya Dağlıq Qarabağ zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün müəyyən vasitəçilik səyləri göstərdi. Buna görə də biz ATƏT-in Minsk qrupunda, xüsusilə onun həmsədrləri - Rusiya, Fransa və ABŞ arasında əldə edilmiş əsas razılaşmalara əməl etməyə çalışmışıq", - deyə Putin bu gün MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.
O xatırladıb ki, noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. "Vacib olan odur ki, bu bəyanat ümumilikdə ardıcıl olaraq həyata keçirilir. Təmas xətti boyunca yerləşdirilən rusiyalı sülhməramlılar vəziyyətin yenidən gərginləşməsinə yol verməmək üçün hər şeyi edir", - deyə Putin qeyd edib.
Onun sözlərinə görə, indi beynəlxalq birlik, o cümlədən MDB ölkələri qarşısında humanitar problemlərin, o cümlədən qaçqınların geri qaytarılması, infrastrukturun bərpa edilməsi, tarixi, dini və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı problemlərin həllində zərər çəkmiş rayonlara yardım etmək kimi mühüm vəzifələr durur.*