Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 18-dən uçot dərəcəsinin 25 baza bəndi - 6,25%-dək azaldılması barədə qərar qəbul edib. Bu barədə bankın məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 6%-dən 5,75%-ə, yuxarı həddi isə 7%-dən 6,75%-ə endirilib.
“Koronavirus pandemiyasının təsiri ilə xarici və daxili tələbin zəifliyi şəraitində faktiki və proqnozlaşdırılan inflyasiya səviyyəsi qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda qalır ki, bu da pul siyasətinin yumşaldılması üçün potensialın mövcud olduğunu göstərir”, – deyə məlumatda bildirilir.
Valyuta bazarında tarazlığın davam etməsi, pul təklifi və kredit qoyuluşunun zəifi artımı şəraitində qəbul edilən qərar monetar şəraitin yumşaldılmasına yönəldilib.
“Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar pandemiyanın təsirləri, iqtisadiyyatın bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları nəzərə alınmaqla qəbul ediləcək”, - deyə məlumatda qeyd olunur.
AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı gələn il yanvarın 29-da ictimaiyyətə açıqlanacaq.
AMB-nin 2020-ci ildə keçirdiyi 8 iclasda uçot dərəcəsinin azaldılması ilə bağlı 5 dəfə qərar qəbul edilib. Nəticədə cari ilin əvvəlindən uçot dərəcəsi 7,5%-dən 6,25%-ə endirilib.*
Ə.Məmmədov