Bakı və Kiyev turizm sahəsində əlaqələrin genişləndiriləcəyinə ümid edir və turizm forumu keçirməyi planlaşdırır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək. Bu, Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, ayrı-ayrı şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə, marketinq tədbirlərində qarşılıqlı iştirak, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlərlə bağlı məsələlərə aiddir”, - deyə o, turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclasında çıxışı zamanı bildirib.
F.Nağıyev son illərdə Azərbaycan ilə Ukrayna arasında istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə uğurlu tərəfdaşlıq əlaqələrinin genişləndiyini, Ukraynadan Azərbaycana gələn turistlərin sayının artan istiqamətdə olduğunu qeyd edib.
Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk, öz növbəsində, Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.*
X.Nəsirzadə