Son bir neçə gün ərzində Ermənistanın cənubunda Sünik vilayəti yaxınlığında respublika ərazisinə keçə biləcək hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq mümkün oldu. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Sünik bölgəsində Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Ermənistan silahlı qüvvələri, sərhəd qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərdə yerləşdirilir. Bu, bizə tanış olan atmosferə müəyyən dəyişikliklər, çətinliklər və narahatlıq gətirir. Baş verənlərin Sünikin itirilməsinə səbəb olacağı ilə bağlı emosional fikirlər səsləndirilir. Lakin reallıq başqadır. Bütün bunlar Sünikin təhlükəsizliyinə zəmanət verilməsi üçün edilir", - deyə Paşinyan ölkədə üçgünlük matəmin elan edilməsi ilə əlaqədar xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda hərbi əməliyyatların yenidən başlaması ehtimalı var idi.
"Əgər gərginlik bu ərazidə baş versəydi, o, Ermənistanın Sünik vilayətinə keçəcəkdi. Bu gün biz beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə yerləşərək Sünik üçün yeni təminatlar yaradırıq. Bu gün Rusiyanın sərhəd qoşunları Sünikə tam şəkildə cəlb olunub ki, bu da təhlükəsizlik sahəsində yeni vəziyyət yaradır", - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, o bəyan edib ki, dəyişikliklər nəticəsində nəqliyyat, logistika problemləri yaranır, bir sıra avtomobil yollarının maneəsiz işi çətinləşə bilər.
"Lakin bunlar həll olunan məsələlərdir və biz bunun üçün bütün səyləri göstəririk”, - deyə baş nazir bildirib.*