ABŞ prezidenti Donald Trampın administrasiyasının postsovet məkanındakı vəziyyətə diqqət yetirməməsi səbəbindən Rusiya bu regionda rolunu möhkəmləndirməyə müvəffəq olub. ABŞ-ın RF-dəki keçmiş səfiri, Stendford Universitetinin professoru Maykl Makfol belə hesab edir.
"ABŞ postsovet məkanında gedən prosesdə iştirak etmədiyi üçün Vladimir Putin orada əvvəlkindən daha böyük rol oynamağa başladı. Bu, yaxşı ya da pis olsa da, bildiyiniz kimi, o, Ermənistanla Azərbaycan arasında müharibənin dayandırılmasına kömək edib. Biz isə orada yox idik, baxmayaraq ki, Minsk qrupu cəlb edilməli idi", - deyə o, "İnterfaks"a müsahibəsində bildirib.
Alim əmindir ki, ABŞ-ın yeni prezidenti Co Baydenin dövründə hər şey başqa cür olacaq. O hesab edir ki, Amerikanın iştirakının bərpası bu ölkələrin özləri üçün yaxşı olardı ki, onlar Rusiyadan daha az asılılıq hiss etsinlər. “Söhbət rəngli inqilablardan deyil, bu ölkələr arasında münasibətlərin balansından gedir", - deyə Makfol vurğulayıb.
ABŞ-ın yeni rəhbərliyi üçün postsovet məkanında öz təsirini gücləndirməyin yoxsa Rusiya ilə münasibətləri sabitləşdirməyin daha vacib olacağı barədə sualı cavablandıran keçmiş səfir qeyd edib ki, bu vəziyyətdə qazanan ya da uduzan ola bilməz. "Bu baxımdan sıfır nəticəli oyun yoxdur", - deyə o əlavə edib.
“21-ci əsrdə biz regionlarla həm Rusiyanın, həm də ABŞ-ın xeyrinə qarşılıqlı əlaqələr qura və Amerika üçün yaxşı olanın Rusiya üçün pis olduğunu və ya bunun əksini düşünməməyə bilərik”, - deyə Makfol vurğulayıb.*