Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə əlaqədar ölkənin suverenliyini itirməsi barədə söhbətləri düzgün hesab etmir.
"Suverenliyin itirilməsindən təhlükəsizlik təmin edilmədikdə danışmaq olar, bu gün atılan addımlar isə dövlətin həm təhlükəsizliyini, həm də suverenliyini möhkəmləndirir. Ermənistan müstəqillik əldə etdikdən sonra KTMT-nin üzvü oldu, sərhədlərin təhlükəsizliyi (Ermənistanın İran və Türkiyə ilə sərhədləri – İF) Ermənistan-Rusiya birgə kontingenti tərəfindən təmin edilir, Rusiyanın hərbi bazası yerləşdirilib. Təhlükəsizliyimizi möhkəmləndirən bir çox sənədlər imzalanıb, məsələn, Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşması. Bütün bunlar təhlükəsizliyimizin möhkəmlənməsinə xidmət edir", - deyə Arutyunyan bildirib.
Onun sözlərinə görə, Rusiya ilə əldə edilmiş razılaşmalara uyğun olaraq RF sərhəd qüvvələri Sünik vilayətində Gorus-Qafan avtomobil yolunda yerləşdirilir.
"Avtomobil yolunu Rusiya sərhəd qüvvələri nəzarətə götürür, onların arxasında yerləşdirilən sərhəd qüvvələrimiz vizual olaraq ikinci xəttin təhlükəsizliyini təmin edir, onlardan sonra isə ordu bölmələri dayanır. Azərbaycan tərəfdə də belədir. Azərbaycan tərəfi ilə razılaşma əldə edilib ki, yol ilə sərhədçilər arasında ordu bölmələri olmayacaq", - deyə müdafiə naziri qeyd edib.*