Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün 2021-ci ilin dövlət büdcəsi xərcləri 6 milyard 678,6 milyon manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisindən 16,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin xüsusi çəkisi 23,4% təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 2,5 faiz bəndi çoxdur. Ümumilikdə bu maddələr üzrə xərclər 6 milyard 678,6 milyon manat ($3,9 milyarddan çox) təşkil edəcək, bu isə 2020-ci ilə nisbətən 16,3% çoxdur”, - deyə məlumatda bildirilir.
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4 milyard 585,8 milyon manatı (təxminən $2,7 milyard) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da 2020-ci ilin göstəricisindən 20,5% çoxdur.
Gələn il məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 2 milyard 92,8 milyon manat və ya $1,23 milyard (artım 8,1%) yönəldiləcək.
“Bundan başqa, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin əsaslı xərclərindən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün 2,1 milyard manat ($1,23 milyard), cari illə müqayisədə 500 milyon manat ($294,1 milyon) və ya 31,3% çox vəsait nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov