2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 26 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 8,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2020-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,6 milyon ton az olub. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib. Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb”, - deyə məlumatda bildirilir.
Ölkədə neft emalı 2020-ci ilin 11 ayında 5,4 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 292 min ton az olub.
“Hesabat dövründə 26 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu, 2019-cu ilin 11 ayına nisbətən təxminən 8,8% azdır. Neftin (kondensatla birlikdə) 24,8 milyon tonu konsorsium, 1,2 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib”, - deyə məlumatda qeyd olunur.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 dekabr tarixinədək ümumilikdə 552 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, 551,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. AÇG-dən 522 milyon ton xam neft, “Şahdəniz”dən isə 30 milyon ton kondensat çıxarılıb.
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova