2021-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 168,1 milyon manat məbləğində nəzərdə tutulur.
“İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu büdcə məlumatlarına əsasən, bu, 2020-ci ilin proqnoz göstəricisindən 165,3 milyon manat çoxdur.
“Artım əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC üzrə 120 milyon manat, iri dövlət şirkətləri üzrə 46 milyon manat məbləğində dövlət büdcəsinə nəzərdə tutulan dividend ödənişi hesabınadır”, - deyə materiallarda bildirilir.
2020-ci ildə Azərbaycanın dövlət büdcəsində "Azər-Türk Bank" üzrə dividend ödənişləri 1,5 milyon manat (azalma 26,6%), “Aqrarkredit” BOKT üzrə 180 min manat (artım 5,9%), “Azərlotereya” ASC üzrə 1 milyon manat (azalma 41,2%), İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzrə 100 min manat məbləğində nəzərdə tutulub.
2020-ci il sentyabrın 15-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağında hər səhm üzrə 0,0326 manat olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb.
Hazırda ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 95,59% (2019-cu ilin sonuna 91,4%), “Aqrarkredit” QSC-nin payı 0,14%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,93%, digər səhmdarların payı 0,34% təşkil edir.
Beləliklə, ABB-nin kapitalında dövlətin ümumi payı 99,66%-ə bərabərdir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır.*
Ə.Məmmədov