2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 144 milyon 729,6 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3% azdır.
Xərclərin 28%-i – 40 milyon 455,1 min manat agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 14,7%).
44 milyon 308,7 min manat (artım 7,8%) və ya xərclərin 30,6%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 11 milyon 885 min manat (artım 18,2%), sosial ayırmalar 7 milyon 377,7 min manat (artım 14,6%), icarə ödənişləri 4 milyon 566 min manat (artım 0,1%) təşkil edib.
Bundan başqa, hesabat dövründə sığorta sektoru reklama 2 milyon 178,5 min manat yönəldib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 18,5% azdır.
2019-cu ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 62 milyon manatdan çox vəsait yönəldib (2018-ci illə müqayisədə azalma 2,4%). Ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 29%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.*
Ə.Məmmədov