Azərbaycanda hesab edirlər ki, Dağlıq Qarabağda sülh Rusiya və Türkiyə sülhməramlılarının birgə fəaliyyəti ilə təmin edilə bilər.
Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin yarıdan çoxu (54,7%) bu fikirdədir.
Bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29%-dir. Bu missiyanın beynəlxalq sülhməramlılar tərəfindən təmin ediləcəyini 4,5% respondent qeyd edib. Respondentlərin 1%-i isə yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyi qənaətindədir.
35,5% respondent Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. 67% əmindir ki, bununla ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısı alınacaq.
44,6% respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin mənfi nəticələr doğuracağını hesab edir.Həmin respondentlərin 84,7%-i Rusiya sülhməramlılarının daha çox ermənilərin maraqlarına xidmət edəcəyindən narahatdır. Narahatlığın ikinci səbəbi isə Qarabağda hərbi bazanın yaradılacağı ehtimalı ilə bağlıdır (42,9%).
19,9% respondent bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.
Əhalinin 57%-i Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlıları ilə birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür.
Rəyi öyrənilənlərin 49,6%-i hesab edir ki, imzalanan razılaşmanın şərtlərinin yerinə yetirilməsi təmin ediləcək.
Respondentlərin 66,2%-i azərbaycanlılarla ermənilərin Qarabağın inzibati ərazilərində birgə yaşayışının heç vaxt mümkün olmayacağını hesab edir, 19,4% düşünür ki, bu, yalnız bir neçə ildən sonra mümkün olacaq, 4,8% isə bunun yaxın vaxtlarda mümkün olacağı qənaətindədir.
66% respondent əmindir ki, Azərbaycan və Ermənistan arasında hərbi münaqişə bir daha olmayacaq. 28,6% isə ölkələr arasında yeni hərbi münaqişənin olacağını düşünür.
Sorğuda Azərbaycanın iri şəhərlərində təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib. Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.*
X.Nəsirzadə