Azərbaycan Mərkəzi Bankı (AMB) və Banklar Assosiasiyası banklar tərəfindən 830 şəhid və mülki şəxsə aid 1,503 min kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edib. Bu barədə AMB-nin məlumatında deyilir.
“Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərərçəkmiş 9 mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib”, - deyə məlumatda bildirilir.
Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.
Dekabrın 18-nə “Azərsığorta” tərəfindən 4138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3387 nəfəri isə xəsarət alanlardır.*
Ə.Məmmədov