"Yelo Bank" ASC-nin Müşahidə Şurasının qərarına əsasən, Anar Həsənov bankın İdarə Heyətinin sədri təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“A.Həsənov 5 yanvar 2021-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq. Hazırda və bu ilin sonuna qədər o, "Access Bank" QSC-nin İdarə Heyətinin sədridir”, - deyə məlumatda bildirilir.
Daha əvvəl "Yelo Bank"da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu. Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq İdarə Heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru Emil Duşdurov icra edir.
A.Həsənov bankir karyerasına "Access Bank"da başlayıb və 18 ildən artıq orada çalışır. Mikro, KOB və pərakəndə biznes sahələrində müxtəlif rəhbər vəzifələrdə işləyərək, 2007-ci ildən "Access Bank"ın İdarə Heyətinə daxil olub, 2018-ci ilin iyun ayından isə bankın İdarə Heyətinin sədridir.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.*
Ə.Məmmədov