Xarici işlər naziri Ceyhun Bayramov bu gün İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfir etimadnaməsinin surətini C.Bayramova təqdim edib.
“Nazir Azərbaycana səfir təyin olunması münasibətilə H.Hamidi təbrik edib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən Bayramov bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmində olduğumuzu vurğulayıb. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub”, - deyə məlumatda bildirilir.
Səfir İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bölgədə sülhün təmin olunması üçün bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyini vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
X.Nəsirzadə