Azərbaycanın 2021-ci il dövlət büdcəsinin layihəsi cari ilin reallıqları nəzərə alınmaqla hazırlanıb. Bunu maliyyə naziri Samir Şərifov deyib.
"2021-ci ilin dövlət və icmal büdcə layihələrinin hazırlanması zamanı koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gələn il davam etdirilməsi nəzərə alınıb. Bundan başqa, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və bu torpaqlara qayıdacaq əhalinin iqtisadi fəallığının təmin edilməsi məsələsi də nəzərə alınıb", - deyə Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, hökumət gələn il də kontr-tsiklik siyasətə sadiq qalacaq.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat (2020-ci ilin proqnozu ilə müqayisədə artım 5,4%), xərcləri 28 milyard 543 milyon manat məbləğində (artım 3,8%) proqnozlaşdırılır.
2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur, büdcə kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək.
2021-ci ildə dövlət büdcəsinin gəlirləri neftin 1 barelinin qiyməti $40 olmaqla (2020-ci il üçün $35) hesablanıb.
Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün 2021-ci ilin dövlət büdcəsi xərcləri 6 milyard 678,6 milyon manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisindən 16,3% çoxdur.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir, kəsir 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov