2021-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 727 manat məbləğində proqnozlaşdırılır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Azərbaycanın əmək bazarında şəffaflıq siyasətinin davam etdirilməsi nəzərə alınmaqla, gələn il orta aylıq əməkhaqqı 727 manat məbləğində proqnozlaşdırılır", - deyə Cabbarov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasında bildirib.
Nazir qeyd edib ki, 2020-ci il üçün orta aylıq əməkhaqqı 702 manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il ölkədə orta aylıq əməkhaqqı təxminən 3,6% artacaq.
M.Cabbarov əlavə edib ki, 2019-cu ildən əmək bazarında aparılan islahatlar tədricən nəticə verir.
"Təkcə bu ilin əvvəlindən ölkənin özəl və qeyri-neft sektorunda 84 mindən çox yeni əmək müqaviləsi bağlanılıb", - deyə o qeyd edib.*
Ə.Məmmədov