Azərbaycan özünü regional lider kimi təsdiq edib, Ukrayna ilə ikitərəfli münasibətlər isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm. Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım”, - deyə Zelenski doğum günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.
V.Zelenski vurğulayıb ki, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcək.
Dekabrın 24-də Prezident İlham Əliyevin 59 yaşı tamam olur.*
N.Abbasova