Azərbaycan yeni reallıqları nəzərə almaqla borclanma strategiyasına yenidən baxmalı, yeni "qırmızı xətt"i müəyyənləşdirməlidir. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Dünyada yaşanan iqtisadi böhranların böyük əksəriyyəti ehtiyatsız borclanma problemindən doğub. Buna görə biz bu strategiyaya yenidən baxmalı və borclanmanın “qırmızı xətti”ni müəyyən etməliyik. Bizim daxili borc imkanlarımız var”, - deyə Rüstəmov bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, yaxın 5-10 il ərzində Azərbaycan üçün əsas iqtisadi və sosial vəzifələr yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artırılmasıdır.
"İkinci vəzifə ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması və təmin edilməsidir. Pandemiya və postneft dövrü qarşımızda yeni vəzifələr qoyub. “Büdcə kəsirinin maliyyələşmə dayanıqlılığını itirməsi problemi ilə qarşılaşırıq. Bütövlükdə, artıq qeyd etdiyimiz kimi, qeyri-müəyyənliklər, bərpa işləri ortamüddətli dövrdə davam edəcək. Biz yeni büdcə qaydalarına, büdcə sabitliyinə, makroiqtisadi sabitliyə qayıtmalıyıq. Lakin bərpa işlərinin həcmini müəyyənləşdirdikdən və onların həyata keçirilməsinə başlanıldıqdan sonra bu barədə daha ətraflı danışmaq mümkün olacaq", - deyə Rüstəmov əlavə edib.
2021-ci ilin büdcə layihəsinə əsasən, Azərbaycan hökuməti daxili və xarici borclanmanı 1 milyard 895 milyon manat məbləğində planlaşdırır.*
Ə.Məmmədov