SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Türkiye Enerji” şirkətinin İdarə Heyətinin sədri seçilib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“R.Abdullayev dekabr ayından etibarən “SOCAR Turkiye Enerji” ilə yanaşı, şirkətin törəmə müəssisələri olan “Petkim” və “STAR” NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb. Əvvəllər bu vəzifələri icra edən Vaqif Əliyev isə "SOCAR Turkiye” və törəmə müəssisələrinin İdarə Heyəti sədrinin müavini olacaq”, - deyə məlumatda bildirilir.
R.Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək. O, həmçinin TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirir.
“SOCAR-ın qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunur.
R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidentidir.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulub.*
N.Abbasova