Rusiya sülhməramlıları bütün Dağlıq Qarabağ ərazisinə nəzarət edirlər, onların fəaliyyəti humanitar fəlakətin qarşısını alıb. Bunu RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün xarici attaşelər üçün keçirilən brifinqdə deyib.
"Bu gün Rusiya sülhməramlılarının bölmələri Laçın dəhlizi və Dağlıq Qarabağ ərazisinə tam nəzarət edir", - deyə o bildirib.
Baş Qərargah rəisi vurğulayıb ki, sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsində məqsəd humanitar fəlakətin qarşısının alınması və yerli əhalinin müdafiəsidir, onlar 23 müşahidə postunda atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın icrasını təmin edirlər.
Onun sözlərinə görə, artıq 43 mindən çox insan Dağlıq Qarabağa qayıdıb.
"Əhalinin təhlükəsiz həyat fəaliyyətini təmin etmək üçün ərazilərin və yolların partlayıcı predmetlərdən təmizlənməsi işləri aparılır. Hazırda 280 hektardan çox ərazi və 100 kilometrdən çox yol təmizlənib. 9 minə yaxın partlayıcı predmet aşkar edilərək zərərsizləşdirilib", - deyə Gerasimov qeyd edib.*