Azərbaycan ikinci Qarabağ müharibəsində qələbəyə ölkə Prezidenti İlham Əliyevin son illər ərzində inkişaf etdirdiyi güclü iqtisadiyyat sayəsində nail ola bildi. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu sözləri “Natsionalnaya Oborona” (“Milli Müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko deyib.
"Əlbəttə, bu müharibədə Azərbaycanın birinci şəxsinin, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu qələbə ilə Azərbaycan dünyada çox az sayda insanın dünya tarixinin belə sürətlə, radikal şəkildə dəyişəcəyini düşünməsi nöqteyi-nəzərindən bir çox təsəvvürləri dəyişdi", - deyə Korotçenko bu gün "İlham Əliyev və onun müasir Azərbaycanın inkişafına və qələbəsinə töhfəsi" mövzusuna həsr olunmuş Rusiya-Azərbaycan konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müharibədə qələbəsindən əvvəl böyük işlər görülmüşdü. "Bundan əvvəl Azərbaycan Prezidentinin illər, on illər ərzində gərgin əməyi sayəsində güclü, effektiv iqtisadiyyat qurulub, çünki istənilən hərbi qələbə səmərəli iqtisadiyyatın əsasında qazanılır. Bu müddət ərzində Azərbaycan nə edə bildi: o, öz təbii sərvətlərini çox düzgün şəkildə yönəltdi. Azərbaycanın neft sərvətləri xalqın rifahına, ölkənin milli iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edirdi", - deyə Korotçenko qeyd edib.
Korotçenkonun sözlərinə görə, Azərbaycan əldə etdiyi gəlirləri dövlətin müdafiə qabiliyyətinin möhkəmlənməsinə də sərf edib. "Ən yeni silahlarla təchiz edilmiş güclü, müasir ordu yaradılmışdı. İqtisadiyyatın şaxələndirilməsi sahəsində irimiqyaslı islahatlar həyata keçirilmişdi. Xatırladım ki, Azərbaycanın siyasi hakimiyyət, siyasi quruluş modeli regionun şəraitinə uyğun olaraq son dərəcə effektiv olub və qələbənin tərkib hissələrindən birinə çevrilməyə imkan verib", - deyə ekspert hesab edir.
O, həmçinin qeyd edib ki, Azərbaycan Prezident Əliyevin düzgün siyasəti sayəsində bütün vasitələrlə müharibə ilə bağlı yalan məlumatlar yayan erməni təbliğatının hücumuna mətanətlə tab gətirib. "Bu müharibənin başlanğıcında biz hamımız Ermənistan rəsmi hakimiyyətinin və bütün dünyada erməni lobbisinin çoxsaylı nümayəndələrinin yaydıqları görünməmiş yalan və dezinformasiya şəraitində vəziyyətin necə inkişaf etdiyini gördük. Qaraya ağ, ağa qara deyildi. Bu, erməni təbliğatının bütün carçılarının həyata keçirdiyi həyasız, aqressiv bir kampaniya idi. Biz, əlbəttə ki, bütün bunlardan son dərəcə təəccüblənmişdik", - deyə o vurğulayıb.
Korotçenko hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin iki dəfə hərbi əməliyyatların Azərbaycan ərazisində aparıldığını və Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan etməsi çox vacib faktdır.*
X.Nəsirzadə