Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.
“M.Çavuşoğlu S.Lavrovun dəvəti əsasında dekabrın 29-da ölkəmizə, bilavasitə Soçi şəhərinə işgüzar səfər edəcək”, - deyə o qeyd edib.
Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən birgə strateji planlaşdırma qrupunun Soçidə keçiriləcək 8-ci iclasında iştirak edəcək.
“Görüşdə Rusiya, Azərbaycan və Ermənistan lidelərinin Dağlıq Qarabağa dair 9 noyabr tarixli birgə bəyanatının həyata keçirilməsi ilə bağlı cari məsələlər ətraflı müzakirə olunacaq. Həmçinin mümkün qarşıdurma risklərinin minimallaşdırılması və tərəflərə humanitar yardımın göstərilməsi məsələsi, eləcə də Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinin təşkili diqqət mərkəzində olacaq”, - deyə Zaxarova əlavə edib.*