Türkiyə ilə Rusiyanın yaxınlaşması Cənubi Qafqazda əhəmiyyətli geosiyasi amildir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov belə hesab edir.
"Türkiyənin Rusiya ilə yaxınlaşması geosiyasi əhəmiyyət kəsb edən böyük amilidir", - deyə Axundov bu gün "İlham Əliyev və onun müasir Azərbaycanın inkişafına və qələbəsinə töhfəsi" mövzusunda Rusiya-Azərbaycan konfransında bildirib.
Sektor müdiri hesab edir ki, Rusiya-Türkiyə yaxınlaşmasından bütün Cənubi Qafqaz ölkələri, o cümlədən də Ermənistan faydalanacaq. "Prezidentimiz Ermənistanı regionun 6 ölkəsinin vahid platformasına qoşulmağa dəvət edib. Lakin Ermənistanın İran istisna olmaqla, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları var. Əgər Ermənistan bütün bunları dayandırsa (ərazi iddialarını – İF), onun gələcək üçün şansı olacaq", - deyə Axundov hesab edir.
Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə həmişə dostluq münasibətləri olub. Rusiyanın mövqeyi (Dağlıq Qarabağla bağlı – İF) heç vaxt beynəlxalq hüquq normalarına zidd olmayıb. Azərbaycan işğal altında olan ərazilərini beynəlxalq hüquqa uyğun olaraq azad edib. "Hesab edirəm ki, bu, ölkənin beynəlxalq qətnamələri illər sonra özünün yerinə yetirdiyi yeganə haldır", - deyə o bildirib.
Axundov əlavə edib ki, Prezident Heydər Əliyev, sonra isə hazırkı Prezident İlham Əliyev Rusiya və digər qonşu dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilib.
"Bəzi ölkələrdən fərqli olaraq, biz Rusiyadan heç vaxt heç nə tələb etmirik. Bəli, müəyyən məsələlər ortaya çıxır, bu, normal və təbii haldır, lakin onlar operativ şəkildə həll olunur", - deyə o qeyd edib.
Sektor müdiri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı ruslar münaqişə haqqında həqiqətləri tədricən öyrənməyə başlayıblar. Müharibənin əvvəlində onlar düşünürdülər ki, Bakı İrəvana hücum edib, lakin sonradan erməni əsgərlərinin Ermənistandan 300 km məsafədə olduğunu öyrəndikdə anlamağa başladılar.
Rusiya və bütün dünya ictimaiyyəti erməni feykləri sisteminə bürünüb. Onlar bu feykləri onilliklər ərzində yaradıblar. İnformasiya müharibəsi fəal şəkildə aparılmalıdır. Cəbhədə vəziyyət dəyişəndə bütün bu feyklər də çox sürətlə məhv olurdu", - deyə o qeyd edib.
Axundov vurğulayıb ki, rusiyalı siyasətçilər və ekspertlər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin Rusiya cəmiyyətinə çatdırılması işinə töhfə veriblər. "Sergey Markov, Aleksey Juravlyov, İqor Korotçenko, Strokan, Kozlova (...) Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına qarşı çıxış edirdilər. Zatulin (Dövlət Dumasının deputatı – İF) isə nasist cinayətkar və kollaborasionist Qaregin Njdeyə xüsusi münasibət tələb edirdi. Müharibə günlərində vicdanlı və qərəzsiz mövqe sərgilədiyinizə görə Sizə bir daha təşəkkür edirəm", - deyə o qeyd edib.
Sektor müdiri əlavə edib ki, hərbi əməliyyatlar dövründə Azərbaycan Prezidenti İlham Əliyev diplomatik cəbhədə böyük işlər görüb və bu da yaxşı nəticə verib. "Bir daha vurğulamaq istəyirəm ki, İlham Əliyev möcüzə yaratdı. O, bütün dünya azərbaycanlılarına xoşbəxtlik bəxş etdi, qürurunu, ləyaqətini qaytardı", - deyə Axundov vurğulayıb.*
X.Nəsirzadə