Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Qarabağ bölgəsi ilə bağlı qəbul edilmiş qətnaməni pisləyib.
“Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür”, - deyə XİN-in açıqlamasında bildirilir.
Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir.
“Görünən isə odur ki, Lüksemburq parlamenti ədavətin alovlandırılmasında maraqlıdır”, - deyə XİN vurğulayıb.
XİN Lüksemburq qanunverici qurumunun üzvlərinə bölgənin, o cümlədən bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanları yaradan 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamış Ermənistanın gələcəyini düşünməyi tövsiyə edir.
“Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək”, - deyə açıqlamada qeyd olunur.*
X.Nəsirzadə