30 noyabr 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 743 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-noyabr aylarında bankların aktivləri 6,1% azalıb.
Noyabrda bankların aktivləri 57,9 milyon manat və ya 0,2% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 304,7 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4%) təşkil edir.
2020-ci il noyabrın 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 661,2 milyon manat (artım 1,7% - İF) təşkil edir.
Noyabr ayının sonuna bankların öhdəlikləri 26 milyard 81,8 milyon manata (azalma 7,3%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 525,7 milyon manat məbləğində (artım 61,2%) qiymətləndirilir. Dekabrın əvvəlinə banklarda depozit portfeli 19 milyard 312,7 milyon manat (azalma 9,4%), əhalinin əmanətləri 7 milyard 760,7 milyon manat (azalma 8,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 548,1 milyon manat təşkil edib.
11 ay ərzində bankların faiz gəlirləri 1 milyard 759,3 milyon manat, o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 393,6 milyon manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 590,8 milyon manat məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 451,2 milyon manat, o cümlədən depozitlər üzrə 285,7 milyon manat, qeyri-faiz xərcləri 1 milyard 93,1 milyon manat təşkil edib.
Yanvar-noyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 742,3 milyon manat təşkil edib.
2020-ci ilin yanvar-noyabr aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 694,2 milyon manat məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 146,1 milyon manat təşkil edib.
30 noyabr 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Noyabrın sonuna bankların 446 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 12,4%) və 115 şöbəsi (azalma 13,5%) var.
Azərbaycanın bank sektorunda 18,63 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,3% - İF) çalışır.*
Ə.Məmmədov