Cümə günü Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev heyəti Rusiya Federasiyasına səfər edib. Bu barədə Nazirlər Kabinetindənməlumat verilib.
“Səfər çərçivəsində Mustafayev rusiyalı həmkarıAleksey Overçuk ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb”, - məlumatda qeyd olunur.
Mustafayev Azərbaycan və Rusiyanın dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, iki ölkə arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Eyni zamanda, iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd olunub.
“Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub. Energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər”, - məlumatda deyilir. **
X.Nəsirzadə