Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin ödənilməsini təmin edib. Bu barədə ASA-nın məlumatında deyilir.
“Bu günədək 3 milyon 235 757 min manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib”, - deyə məlumatda bildirilir.
Həmçinin şəhidlərin vərəsələrinə, xəsarət almış hərbiçilərə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərə sığorta ödənişinin verilməsi davam etdirilir.
““Azərsığorta” şirkəti tərəfindən bu günədək 1 053 şəhidin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4 119 nəfər hərbiçiyə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109,850 min manat təşkil edir”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov