2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 375 milyon 32,59 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 43% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $22 milyard 746 milyon 64,19 min (2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 25,9% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $13 milyard 60 milyon 548,39 min (azalma 28,6%), idxalın həcmi $9 milyard 685 milyon 515,8 min (azalma 21,8%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,5%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,11% ərzaq məhsullarının, 0,81% tütün və tütün məhsullarının, 3,42% əczaçılıq məhsullarının, 0,99% gübrələrin, 3,26% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,46% odun və agac məhsullarının, 2,01% geyim və geyim aksessuarlarının, 9,05% qara metal və ondan hazırlanan məmulatların, 23,32% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 14,72% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 24,13% digər məhsulların payına düşüb.
Yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 7,945 min özəl və dövlət müəssisəsi və 34,179 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-noyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 31,38%-i), Türkiyə (19,19%), Rusiya (4,94%), Yunanıstan (3,58%), Xorvatiya (3,44%), Gürcüstan (3,31%), Çin (3,28%), Hindistan (3,17%), İsrail (3,15%) və İspaniya (2,52%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,31%), Türkiyə (14,49%), Çin (13,15%), ABŞ (6,12%), Almaniya (5,3%), Fransa (4,43%), Ukrayna (3,93%), İtaliya (3,75%), Böyük Britaniya (2,83%) və İranla (2,75%) həyata keçirib.*
Ə.Məmmədov