Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdeyib.
“Hazırda Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni abidələrimizin vəziyyətini qiymətləndirir və bu məlumatlar UNESCO-ya təqdim ediləcək. Ermənistan digər sahələrdə olduğu kimi, işğal zamanı Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəniyyət soyqırımına və terroruna görə cavab verməlidir”, - deyə H.Hacıyev mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin yanvarında Azərbaycanın xarici işlər naziri o zaman yeni seçilmiş baş direktor Odre Azuley ilə görüşdə işğal altında olan ərazilərimizə UNESCO missiyasının göndərilməsi məsələsini bir daha qaldırmışdı. O.Azuley bildirmişdi ki, UNESCO humanitar təşkilatdır və bu səbəbdən də siyasi məsələlərə müdaxilə etmək istəmirik.
“Amma indi üstündən cəmi iki il keçəndən sonra artıq deyəsən UNESCO-nun humanitar təşkilat olduğu “yadından çıxıb”. “Azərbaycanın şanlı Vətən müharibəsindən sonra UNESCO rəhbərliyi niyə belə tez mövqeyini dəyişdi?! Nədən bir məsələ ilə bağlı təşkilatda davamlı mövqe yoxdur?!”, - deyə şöbə müdiri bildirib.
O hesab edir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. “Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdır. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir”, - deyə H.Hacıyev vurğulayıb.
“Azərbaycan UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Sadəcə, beynəlxalq hüquqa və müvafiq prosedurlara uyğun davranılmalıdır. Təhlükəsizlik şəraiti imkan verdiyi zaman missiyanın aydın mandatı və tərkibi Azərbaycan və UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır”, - deyə o qeyd edib.*
N.Abbasova