Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan pomidorlarının RF-yə ixrac qaydasını razılaşdırıblar. Bu barədə “Rosselxoznadzor” Federal Xidmətin prezidenti Sergey Dankvert ilə AQTA-nın sədri Qoşqar Təhməzli arasında baş tutmuş danışıqların yekunları üzrə məlumat yayıb.
"Tərəflər razılığa gəliblər ki, Rusiyaya göndərilən pomidorların hər partiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ilkin elektron xəbərdarlıq və məhsulların təhlükəsizliyini təsdiq edən laboratoriya sınaq protokolları ilə müşayiət ediləcək. Azərbaycandan pomidor tədarükü “Rosselxoznadzor” və Federal Gömrük Xidmətinin nəzarəti altında müəyyən buraxılış məntəqələri vasitəsilə həyata keçiriləcək. Məhsul partiyaları qurumun laboratoriyalarında yoxlanılacaq”, – deyə məlumatda bildirilir.
Bundan başqa, yaxın vaxtlarda pomidor istehsalı ilə məşğul olan və Rusiyaya məhsul tədarük etməyə hazır olan iri Azərbaycan müəssisələrinin videoinspeksiyası keçiriləcək.
Xəbər verildiyi kimi, “Rosselxoznadzor” Azərbaycan pomidorlarında Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə əlaqədar dekabrın 10-dan etibarən bu məhsulların Rusiyaya ixracına qadağa qoyub.
Bununla belə, "Rosselxoznadzor" Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi məlumat və zəmanət əsasında 17 Azərbaycan müəssisəsinin Rusiyaya pomidor ixrac etməsinə icazə verib. Hazırda qurum 2020-ci ildə karantin obyektlərinin aşkarlanmadığı rayonlarda yerləşən daha bir sıra şirkətlərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması imkanlarını nəzərdən keçirir.*