2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $576 milyon 175,03 min dəyərində 47,841 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 19,6% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $484 milyon 803,98 min dəyərində 44,278 min ədəd avtomobil (artım 22,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin, $8 milyon 216,48 min dəyərində 146 ədəd elektrokar və $24 milyon 966,39 min dəyərində 4,486 min ədəd hibrid avtomobili gətirilib.
2020-ci ilin yanvar-noyabr aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $49 milyon 25,69 min dəyərində 3,203 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 1,8%), o cümlədən $17 milyon 259,67 min dəyərində 137 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 20,3%) gətirilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $25 milyon 85,69 min dəyərində 223 ədəd (azalma 54,9%) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.**
B.Rüstəmbəyov