Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə $18,2 milyon məbləğində svop əməliyyatları həyata keçirib.
“Cari il AMB ilə AYİB arasında svop əməliyyatlarının aparılmasına dair razılıq əldə olunub. Bu günə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış aktiv svop əməliyyatları 18.2 milyon dollardır”, - AMB-nin 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda COVİD-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə $200 milyon dəyərində svop müqaviləsi bağlayıb.
Müqavilə çərçivəsində yerli şirkətlər milli valyutada AYİB-in maliyyə ehtiyatlarına çıxış əldə edəcəklər.
Bu məbləğin 50 milyon dolları və ya 85 milyon manatın 2020-ci ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə kiçik biznesə verilməsi planlaşdırılır.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank indiyədək Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.**
Ə.Məmmədov